Rusiyada məşhur müxalif siyasətçi Vladimir Kara-Murza 25 il müddətinə azadlıqdan məhrum edilib.
Hafta.az-ın yazdığına görə, Kara-Murza dövlətə xəyanətdə, ordunu gözdən salmaqda, arzuolunmaz təşkilatların fəaliyyətində iştirak etməkdə ittihamlanıb. Vladimir Kara-Murza daha əvvəl Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” elan edilib.
1981-ci ildə anadan olan Vladmir Kara-Murza Boris Nemtsov adına Azadlıq Fondunun direktoru işləyib. Kara-Murza 2015-2016-cı illər arasında Xalq Azadlıq Partiyasının sədr müavini olub, 2019-2022-ci illərdə isə ötən aylarda bağlanan “Exo Moskvi” radiosu üçün proqram hazırlayıb.
Kara-Murza 2022-ci ilin aprelindən həbsdədir. Müxalif siyasətçi polisə müqavimət ittihamı ilə saxlanılıb və 15 sutka həbs cəzası alıb, lakin əlavə araşdırmalar açıldıqdan sonra həbsdə qalıb.
RBC qəzeti yazır ki, Kara-Murza 2015 və 2017-ci illərdə zəhərlənmə şübhəsi ilə iki dəfə xəstəxanaya yerləşdirilib.